Şəhrizad - страница 7
– Bəlkə Bağırov yoldaşa Qüdsi Hacıyev düzgün məlumat verməyib?
Qalabəyov hirsləndi:
– Özünüzü yığışdırın, Söhbətov. Siz respublikanın rəhbərləri
haqqında necə belə sözlər işlədə bilərsiniz? Ayıb olsun. Sizi xəbərdar edirəm, kişilərin qulağına çatar, heç də sizin üçün yaxşı olmaz. Gedə bilərsiniz…
Əli ətəyindən uzun qayıdan Fərruxun heyrətdən gözləri bərəlmişdi. O ümid edirdi ki, Talıbın güllələnməsinə nail olub Şəhrizadı tezliklə ələ keçirəcək. Amma bu o qədər də asan deyildi…
İndi Talıbın Məmmədrəsulla əlaqəsi olduğunu ortaya qoymaq üçün çalışmalıydı…
Öz işinin peşəkarı olan Muradxan Qalabəyov Fərrux getdikdən sonra düşündü ki, Amanbəylidə hələ çox olaylar olacaq… İndi yadına düşdü ki, Fövqəladə komissiyanın respublikanın bütün ərazisində geniş agentura şəbəkəsi qurduğu bir halda nədənsə Amanbəylidə bir nəfər də olsun agentləri yoxdur? Düzdür bu bir qədər də Sibir Qəzənfərdən qaynaqlanırdı. Türmə həyatını gözəl bilən Qəzənfər kişi öz kəndlərində agentlərin olmasının qarşısını alırdı. Hər dəfə çekistlərdən kimsə kəndə gələndə yeyib-içməklə həmin əməkdaşın başını qatıb kənddən kimisə yanlamasına imkan vermirdi.
Muradxan əməkdaşı Cəbrayılovu yanına çağırıb göstəriş verdi: “Amanbəylidə bizimlə gizli əməkdaşlıq etməyə hazır olan şəxslər müəyyən edilməlidir”.
Cəbrayılov, – yoldaş rəis, bir qədər əvvəl sizin yanınızda olan Fərrux Söhbətovu cəlb etsək olmaz? – dedi.
– Cəbrayılov, Söhbətov anadan agent doğulub. Onu cəlb etməyə
ehtiyac yoxdur. Özü, biz istəməsək də, gəlib hər şeyi deyəcək. Sən gizli əməkdaşları müəyyən elə.
– Oldu, yoldaş rəis, – deyib Cəbrayılov getdi.
Xırçınlıdakı hadisələrdən sonra onun və yoldaşlarının hər yerdə
axtarıldığını Məmmədrəsul yaxşı bilirdi. Qaçaq həyatı onu da, yoldaşlarını da bezdirmişdi. İlyas bəy son zamanlar israr edirdi ki, Arazı keçib İrana qaçsınlar. Başqa yerlərə də üz tuta bilərdilər…
Səhərin ayazı Məmmədrəsulu üşütsə də ona ana südü qədər doğma
olan bu təmiz havanı ciyərlərinə çəkdi. “Qürbət… Qürbət… Qürbətin havası onu boğacaqdı… Bu havadan, bu meşədən, bu gözəllikdən qürbətdə vardımı? Əlbəttə var… Orda da torpaq, bu səfalı meşədən var… Amma Məmmədrəsulun damarlarından axan qan olduğu qəriblikdə kiminsə tənəsinə dözəcəkmi? Orda da Məmmədrəsul bəy olacaqmı? Amma qaçaq olsan belə, ətrafında sədaqətli dostlar, doğmalar var. Qürbət gözəl ola bilər. Amma qürbət nə vaxtsa yenidən Vətənə daha xoşbəxt qayıtmaq üçündür…”
Gözləri doldu. Anası, atası gözləri önündə dayandılar. Sanki onlar
xəyal deyil, canlı idilər. Anası, – igid balam, çoxdandır sənə öz əlimlə hazırladığım yorğan-döşəkdə yatmırsan. Nə yaman qocalmısan, can bala. Mən səni belə qoyub getməmişdim axı…
Növbə atasına çatdı: – Məmmədrəsul, namusuna, qeyrətinə heyranam, oğul. Bilirəm qisasımızı almağa çalışırsan. Qürbətə getməyəcəyini bilirəm. Amma yerini dəyiş, oğul. Düşmən sənin bir addımlığındadır.
Anasının ətrini duydu. Atasının dediyi söz bir xəbərdarlıq idi.
Yerimizi dəyişməliyik… Amma öncə mən Şəhrizadı görməliyəm.
Anamın ətrini yalnız ondan, əziz bacımdan ala bilərəm…
Gecənin qaranlığında Şəhrizad və Talıb yatağında, Turqay ilə
Ilyas isə aralarında yatmışdılar. Qapı asta-asta döyülürdü. “Tuk… Tuk… Tuk…”
Şəhrizad gözlərini açdı. Talıb da oyandı.
– Aman Allah, xeyirdirmi, görəsən?
– Gecənin bu vaxtı kim ola?
Talıb cəld yerindən qalxıb, qapıya tərəf getdi. Gələn Məmmədrəsul
idi. Zil qara saqqalın, uzanmış saçların arxasından bir zamanlar bütün mahalda ad çıxarmış Məmmədrəsul bəyin gözləri baxırdı…