Leyli və Qeys - страница 3



Onlar özlərini insanların malını, canını qoruduqlarına, Allah qarşısında təmiz olduqlarına inandırmışdılar. “Biz olmasaq, ticarət ölər, – deyirdilər, – o qədər quldur dəstəsi yaranar ki, hansı karvanı kimin talan etdiyi bilinməz”. Onlarla dil tapmağı artıq hökmdarlar da sərkərdələrinə əmr etmişdilər. Bəzən bir qoşundan da güclü olurdular. Hardan gələcəkləri, nə zaman hücum edəcəkləri bəlli olmazdı. Bu, bədəvilərin sirri idi, heç bir dövlətə, hökmdara boyun əyməzdilər.

Harun ər-Rəşid tədbirli davranıb bu tayfanın bütün Ərəbistana səpələnmiş karvan yollarına nəzarət edən bir neçə tanınmış başçısını saraya gətirməklə, onları tam nəzarətə götürdü. Etibarlılığı ilə tanınan Bəni-Əmir qəbiləsinin üzvlərini Harun ər-Rəşid şəhərlərə, böyük ərazilərə öz nümayəndəsi təyin etmişdi.

Qəbilənin başçısı əl-Müləvvəh ibn əl-Müzahim idi. Lap gənc yaşında qəbilə başçısı olan atası onu sevdiyi qızla evləndirmişdi. Amma əl-Müzahim bu dünyadan nakam köçdü. Oğlu Müləvvəh on ildir evlənsə də, övladı yox idi. Əl-Müzahim ölməmişdən bir müddət əvvəl Həcc ziyarətinə gedib Kəbə evində xeyli dua etmişdi. Ziyarətdən qayıdandan sonra yuxuda görmüşdü ki, səhralıqdakı uzun saçlı, qara gözlü bir uşaq ona əl edib çağırırdı. O, hər dəfə yaxınlaşanda gözdən itən uşaq az sonra görünür və yenidən yoxa çıxırdı. Birdən qum tufanı başladı. Güclü külək burulğan yaradıb, qaragözlü körpəni də sovurub özü ilə apardı… Yuxudan ayılanda oğlu əl-Müləvvəhi yanına çağırıb dedi:

– Artıq əminəm ki, mənə nəvə görmək qismət olmayacaq. Bilirəm, sən Nofəllə təskinlik tapırsan, amma nəslimin davamçısının olmayacağını fikirləşəndə məni nisgil bürüyür. Sənə yüz dəfə dedim başqa qadınla evlən, dedin ki, Allah məsləhət bilsə, buna da övlad verər. Həyatına qarışmaq istəmədim. Bizimki də belə gətirdi. Buralar bizə düşmədi. Kimə salam verirsən, sənin sonsuzluğunu eşitdirir. Nifrət edirəm buralara. Sənə vəsiyyətimdir, köç get bu yerlərdən. Bəlkə də getsən, həyatın dəyişəcək…

Üç gün keçməmiş atası vəfat etdi. Qəbri başında bir neçə gün o qaldı, bir də səkkiz yaşlı Nofəl. Əl-Müləvvəh atasının ölümündən sonra bu uşağa daha da bağlandı.

Nofəlin atası Amir, yaxınlıqda yaşayan Fəttah və əl-Müləvvəh yaşıd idi, üçü də, demək olar, eyni vaxtda evlənmişdi. Karvan soymağa da birlikdə gedirdilər. Növbəti soyğunların birində heç vaxt qarşılaşmadıqları güclü müqavimətə rast gəldilər. Karvandakılar çox, onlar isə cəmi üç nəfər idi. Amir möhkəm yaralanmışdı. Son nəfəsində ailəsini dostlarına əmanət edib, gözlərini dünyaya əbədi yumdu.

Altı ay boyunca Amirin hamilə arvadının bir kəlməsini iki etmədilər, hər diləyini yerinə yetirdilər, hər nazını çəkdilər. Amma Amirin övladının bəxti qara gəldi, o doğulanda anası da öldü.

Müləvvəh körpəni evinə gətirdi. Arvadı Rüqəyyanın körpəni kimsəyə vermək istəməsə də, Fəttahın arvadı Sayda uşağı ondan almağa çalışdı. Axşam çağı kişilər qayıdanda bütün qəbilənin Müləvvəhin evinin qabağına yığıldığını gördülər. Qadınlar körpənin üstündə saçyolduya çıxmışdılar. Qəbilənin ağsaqqalları Amirin qardaşı Səidi çağırıb, uşağı onun qucağına qoydular: “Onu ən çox sən haqq edirsən, bu körpə sizinkidir”.

Uşaq qardaşının yadigarı olsa da, Səid Müləvvəhdən keçə bilmirdi. Boynunda haqqı böyük idi. Ağsaqqallar “apar uşağı evinizə” deyib Səidi yola salanda Müləvvəhdən gözünü çəkməməyi, mənalı baxışmaları Fəttahın diqqətindən qaçmadı: “Niyə hamı Müləvvəhə yaltaqlanır? Bəyəm, biz Amirlə dost deyildik?!” Evə gələndə arvadı Sayda Rüqəyyanın onun saçlarını yolduğundan şikayətlənir, ərindən bir də Müləvvəhlə oturub-durmamağı tələb edirdi.