Leyli və Qeys - страница 5
Ramazan ayının son həftəsi qazanlar asılmış, dəvə əti yağda qıpqırmızı qovrulmuş, sini-sini plovlar ortalığa düzülmüşdü. Bir azdan bütün qəbilə başçı əl-Müləvvəhin qurduğu böyük süfrədə iftarını açacaqdı. Uca Allaha şükranlıq duaları oxunduqdan sonra qəbilənin böyükləri dünyanın gərdişindən, on bir ayın sultanının fəzilətindən söhbətlər edir, gənclər qulaq asırdılar. Əslində, Ramazan ayının ən böyük qazancı da səmaya bülənd olan duaların çoxalması ilə yanaşı, ağsaqqallar və elm adamlarının onlara ünvanlanan sorğulara sual verənlərlə birlikdə cavab arayışına çıxmalarında idi. İl ərzində hansısa səbəbdən övladlarının üzünü görməyən atalar onların çəkinmədən hamının yanında verdiyi sualı dinləyir, həm qürur duyur, həm də mənən ondan uzaq düşmüş övladının nə düşündüyünü bilirdi. Bu minvalla keçən Ramazan təkcə nəfsinə hakim olmağın sınaq ayı deyil, həm də dünyanı, kainatı, doğuluşu, ölümü, həyatın mənasını dərk ayı, elm ayı idi.
Əl-Amiri tayfasının əldə etdiyi qənimətlərin satışı ilə məşğul olan, hər il ən böyük bazarlarda alış-veriş edib dünyanın hər yerindən məlumatlı olan əl-Qasımi adlı qoca vardı. O həm də Fəttahın əmisi, böyüdüb yetişdirən ata əvəzi idi. Tanıyanlar bilirdilər ki, ondakı təkəbbür, dikbaşlılıq əmisindən keçib. Əl-Qasımi özünü ən təcrübəli, ağıllı insan, ən maraqlı həmsöhbət kimi təqdim etməyi, beyinlərə yanlışı da doğru kimi yeritməyi, qarşısındakının gözünü boyayıb özünə sayğı duydurmağı əla bacarırdı.
***
Uzun yay gecələrində hündürdən süzülən bədəvi qəhvələrindən kimsə doymur, söhbət uzandıqca uzanırdı. Bu dəfə Nofəl Fəttahın əmisinə elə bir sual verdi ki, hər kəs susub qəbilənin qəhrəmanının hansı cavabı alacağını maraqla izləməyə başladı:
–Pislikləri kainatda kim yaradıb?
Günahlara yaranışdan Yer kürəsi nədən batıb?
Yaxşılığa yamanlığı, xeyrə şəri, insanlığa iblisləri kim cırnadıb?
İbadətmi yer üzünün çıxış yolu? Yoxsa ölüm?…
Təkəbbüründən yeri-göyü titrədən, özünü hamıdan ağıllı sayan Əl-Qasımi hiss etdirməsə də, ürəyinin dərinliyində “bu yetimçəni belə elmli kim böyüdüb?” deyə narahat halda dərin fikrə getdi. Hər kəs Əl-Qasımidən cavab gözləyirdi. O, Nofəlin şeir kimi səsləndirdiyi sualına dolğun bir cavab verməyə çalışdı:
– Bax, cavan oğlan, dünyanın gərdişinə nüfuz etdikcə cavabsız suallar da artır. Bəşər övladı dünyaya gələndən bu yana bəzi suallara cavab tapmayıb. Çıxış yolu üçün isə Allah insanlara bütün suallara cavab verən bir kitabı – Quranı göndərib. O, dünyanı dərk eləməyin mənasız və həddən artıq sualların cavabsız olduğunu bildiyindən Quranda təkcə suallara cavab vermir, həm də əmr edir. Allahın əmrindən çıxmaq, yeni suallar verərək şəkk gətirmək isə şirkdir…
Müləvvəh iftarın başa çatdığını bildirib, ayağa qalxdı. Səid ona yaxınlaşıb, tərəddüdlə dilləndi:
– Heç bilmirəm, sənə necə deyim, amma deməliyəm. Yenə də şükür məsləhətinə.
– Buyur, səni dinləyirəm, – deyə Müləvvəh onu ürəkləndirdi.
– Ey Müləvvəh, sən bilirsən ki, bizim Şeybani nəslində qürur duyduğumuz bir adam var.
– Bilirəm, Yəzid ibn Məzyəd Şeybanini deyirsən.
– Hə, başımızın tacı ibn Məzyəd, çox şükürlər olsun ki, xəlifəmiz Harun ər-Rəşidin yanında sevimli əshabələrdən biridir. Bizim Nofəlin də dayısıdır. Sağ olsun, həmişə zavallı bacısının tifili ilə maraqlanıb. Sənə hörməti çox böyükdür deyə bu günə kimi uşağı qəbilədən ayırmaq istəməyib. Amma deyir, artıq zamanı gəlib, Nofəli igid bir sərkərdə kimi yetişdirməliyəm. Nofəlin getməyə razı olub-olmayacağını bilmirəm. İndi hər şeyə sən qərar ver. İbn Məzyədə nə cavab verək?