Leyli və Qeys - страница 6
Əl-Müləvvəh fikrə getdi. Oğlu qədər sevdiyi Nofəlin gedəcəyi fikri ürəyini sıxdı. Arvadı Rüqəyyanı düşündü. O bu ayrılığa necə dözəcəkdi?! İçindəki təlatümləri boğub, toxtaq cavab verdi:
– Mən Rüqəyyanı birtəhər yola gətirərəm. Deyərik ki, dayısı ibn Məzyəd Nofəli görmək istəyir. Getsin, görüşsün, tez bir zamanda qayıdacaq. Sonrası Allah kərimdir. Allahın əmrindən kimsə çıxa bilməz. Hansı xeyirlidirsə, onu yalnız uca Yaradan bilir…
III fəsil
Bu dünyada heç kim ömrü boyu olduğu kimi görünmür. “Elin gözü tərəzidir” desələr də, çəki daşları insanların əyarlarına görə şəxsiyyətlərə qiymət verir. Çəki daşları dəyişməyincə əyarlar da dəyişmir. Dünən qorxaq kimi tanınanlar bu gün nadir hallarda qəhrəman kimi görünür. Bəzən çox kasıb biri ağıllarda varlı, ağıllı isə dəli kimi, xəstə və zəif olan güclü və sağlam kimi görünüb elə də qəbul olunur. Buna alın yazısı da, xüsusi bir bacarıq da demək əsassız olmaz.
Tarixin yetirdiyi belə şəxsiyyətlərdən biri də Abbasilər sülaləsinin xəlifəsi Harun ər-Rəşiddir. Lap gəncliyindən haqqında dolaşan əfsanə və rəvayətlərə əsasən, Harun nə qədər yağ-bal içində böyümüş, dünyanın bütün naz nemətlərini dadmış, səxavətli, həm də ən güclü və amansız kimi görünür, amma nədənsə heç kəs onun həyatının keşməkeşlərini, hökmdarlıq elədiyi illərin İslam tarixinin ən çətin dönəmi olduğunu, o illərdə Peyğəmbər nəslindən olan davamçıların bir-biri ilə amansız surətdə çəkişdiyini, saysız-hesabsız təriqətlərin hərəsinin yorğanı öz tərəfinə çəkdiyini heç kəs yada salmır. İnsanları Harunun eyş-işrətdə keçən günləri, dünyadan həzz alması ilə bağlı söz-söhbətlər daha çox maraqlandırır, bu barədə əfsanələrə daha çox inanırlar.
Abbasilər xilafətinin üçüncü xəlifəsi Məhəmməd ibn Abdullah əl-Mehdinin və yəmənli kölə Xeyzuranın oğlu Harun şahzadə olsa da, anasının da çəkdiyi əzab-əziyyətlər bahasına, böyük çətinliklə hakimiyyətə gələ bilmişdi. Xilafətin ən çətin dövründə xəlifə elan olunsa da, Harun müsəlman tarixində, bəlkə də, heç bir hökmdarın etmədiyini etmişdi. Onun üçün ətrafındakıların haralı olması önəmli deyildi, çalışırdı ki, xilafətin əhatə etdiyi hər bölgədə, hətta ucqarlarda belə, dövlətə yararlı biri varsa, saraya gətirib dövlət maraqları naminə orduda, idarəetmə və ticarətdə ondan istifadə etsin.
Şeybani qəbiləsinin başçılarından olan Yəzid ibn Məzyəd karvan yollarını nəzarətdə saxlayan səhra komandiri idi. Əmisi Məyan ibn Zaidə xəlifə əl-Mehdinin yaxın adamlarındandı. Xorasanda üsyan başlayanda əmisi onu xəlifəyə təqdim edib, üsyanı yatıracağına təminat verdi. Yəzid bu vəzifənin öhdəsindən layiqincə gəldiyindən xilafətin ucqarlarında – hələ də ram olmaq istəməyən Azərbaycanda qayda-qanun yaratmaq üçün hakim təyin edildi. Bir il Azərbaycan hökmdarı olduqdan sonra artıq yeni xəlifə təyin olunmuş Harun ər-Rəşid Bizans yürüşü zamanı onu yanına çağırdı, inanılmış sərkərdələrdən biri kimi özü ilə döyüşə apardı.
Valid ibn Tarifinin xəzinəni talan edib aradan çıxması, ibn Məhanın öz vəzirinin toruna düşüb xalqı narazı salması və üsyana sürükləməsi Harun ər-Rəşidi hiddətləndirmişdi. Xəyanət etmiş birinin qaçıb gizlənməsi dövlətin əsaslarına böyük təhlükə olduğundan xəlifənin əsas tapşırığı ibn Tarifinin tezliklə tapılıb edam edilməsi idi. Onun inandığı sərkərdələrindən Yəzid ibn Məzyədi yenidən Azərbaycan hökmdarı təyin etməkdən başqa çarəsi qalmırdı…