Leyli və Qeys - страница 8



Əl-Müləvvəhin isə ürəyində ikili hisslər baş qaldırmışdı. Bir yandan gözünü açandan qoynunda böyüdüyü, ata-anasının qəbirləri olan bu qumlu səhralığı qoyub getmək, digər tərəfdən də atasının ölümqabağı dediyi sözlər: “Çalış bu yerləri tərk elə get. Buralar bizə düşmədi. Bəxtini başqa yerlərdə sına”. Atasının vəsiyyəti onun qərarına təsir etsə də, yenə tərəddüd içində idi. Müqəddəs Kəbədən uzaq düşməkdən qorxurdu…

Həyatın elə dönüş nöqtələri olur ki, köklü qərar qəbul etmək lazım gəlir. Lazımi zamanda lazımi yerdə olmaq, əslində, Allah ilə olmaq deməkdir. O səninlədirsə, heç nədən qorxmaq lazım deyil. Müləvvəh əmindi ki, həqiqi inamla Allaha bağlandığı üçün onu ən doğru qərara yönəltmiş olacaq – bundan sonra hər şeyi zamanın axarına buraxmaq qalırdı. İndi qəlbində çoxdan əlini üzdüyü bir ümid də cücərdi. Bəlkə, Allah ona Nofəlin cənnət dediyi o torpaqlarda bir övlad da verdi. Müləvvəh gecənin qaranlığında şadyanalıqla qılınc rəqsi edən qəbilə igidlərinə baxarkən göy üzündə bir işıq zərrəsi ayrılıb hərəkət etdi. Ulduz düz onun başı üzərində dayanıb, sanki bir az da gücləndi, bir az da irəli gəldi.

Müləvvəh bədəninə dolan qəribə istilikdən əvvəlcə qorxdu, sonra bu istilikdən xoşlandığını, sanki yeni bir adam olduğunu hiss etdi. Aman Allahım, bu həmin o istilik idi! Otuz yaşından bu yana bir gün qəfildən hiss etmişdi ki, belində, qarnında, ayaqlarında, beynində, gözlərində hiss etdiyi o qəribə istilik daha yoxdur. Həmin gün düşünmüşdü ki, həmən istilik insan bədənini tərk etməsə, yəqin o heç zaman ölməz. İndi o istiliyi yenidən hiss etməsi onu həyəcanlandırdı. Bu, dünyanın ən şirin yanğısı, ən müqəddəs susuzluğu idi. Sanki birdən-birə hər şeyi, insanları, bu qumlu səhranı, dəvələri, ayı, ulduzu daha çox sevməyə başladı! Çadıra keçib Rüqəyyanı bağrına basdı, lap gəncliyində olduğu kimi…


IV fəsil


İnsan onu ən böyük arzusuna qovuşduran bir torpağı müqəddəs saymazmı?! Üstəlik, bu torpaqlar cənnəti xatırladırsa… Müləvvəh qəbiləsi ilə Arrana köç etdikdən bir ay sonra arvadının hamilə olduğunu öyrəndi. Onun qəbiləsini Bəndovan yaxınlığında yerləşdirdilər. Dəniz sahili ilə meşəlik, dağlıq ərazilərdən ta Bərdəyə kimi uzanan, tacirlərin Çin yolu adlandırdığı yol boyu bütün ticarət karvanlarını qorumaq, vergi toplamaq, dövlətin qayda-qanunlarına riayət olunmasına nəzarət etmək vəzifəsi ona və Şeybani qəbiləsinə tapşırılmışdı. Hər iki tayfaya ümumi nəzarət isə Nofələ tapşırılmışdı.

Fəttah evini onlardan bir az aralıda tiksə də, Azərbaycana köç edəndən bəri onun da üzü gülür, daha Müləvvəhi görəndə üzünü yana çevirmirdi. Müləvvəh hələ dünyaya gəlməmiş övlad payı üçün Allaha hər gün şükr edib, bu sevinci Fəttaha da bəxş etsin deyə yerin-göyün sahibinə yalvarırdı.

Bir neçə gün sonra Müləvvəh onu rahat buraxmayan fikirlərini arvadı ilə bölüşəndə Rüqəyyanın gözləri doldu:

– Arxayın ol, Sayda da hamilədir. Dünən Səidin arvadı bizi barışdırdı. Dedi ki, ikinizə də Allah lütf edib, övlad verib. Sayda hönkürüb ağladı, sonra da boynumu qucaqladı, barışdıq.

Müləvvəh əllərini açıb: – Sənə şükürlər olsun, Allahım, məni bu töhmətdən qurtardın, – deyə ürəkdən şükür etdi. Fəttahın övladı olmasaydı, ona Nofəli öz tərəfinə çəkdiyi üçün məzəmmət və nifrəti bitib-tükənməzdi.

Müləvvəh Bəndovanın küləyindən qorunmaq üçün evinin ətrafına şam ağacları əkmişdi. Övladı bu ağacların kölgəsində oynayacaqdı.