Leyli və Qeys - страница 7



Səhrada böyümüş bədəvinin birdən-birə Şərqin böyük şəhərlərindən birinə yerləşməsi Allahın lütfü idi. Nofəl ilk günlər bir az darıxsa da, hər gün aldığı qılıncoynatma, atıcılıq dərsləri, hərb sənətinin incəliklərinə yiyələnmək bütün vaxtını alır, darıxmasına imkan vermirdi. Dayısı bir neçə gün əvvəl ona bir kisə qızıl pul verib, əshabələrindən Musa əl-İbrahimini də ona qoşmuşdu ki, Bağdad bazarında gəzib ürəyi nə istəsə, alsın.

Musa Nofəli bir-birindən gözəl geyimlərin satıldığı sıraya gətirdi. Çoxdan tanış olduğu tacirə yaxınlaşıb, salam-kəlamdan sonra:

– Bizim bu şahzadəyə gərək dünyanın ən gözəl libaslarını verəsən, – dedi.

Nofəl utanıb “Mən axı şahzadə deyiləm”, deyə astaca etiraz etsə də, Musa Yəzidin Azərbaycana hökmdar təyin edildiyini və deməli, Nofəlin də şahzadə olduğunu dedi: “Sən heç ömründə dünyanın müxtəlif ağacları, gülləri, otlarını, quşları, vəhşi heyvanlarını bir arada görmüsən? Səhralıqda ən çox gördüyümüz uzaqbaşı xurma, sərv ağacları idi. Arranın paytaxtı Bərdə isə əsl cənnətdir. Sən də artıq o cənnətin şahzadəsi, Allahın sevimli bəndəsisən”.

Nofəl burda olduğuna sevinsə də, Müləvvəhdən və Rüqəyya anadan uzaq düşəcəyinə görə narahat idi. Onları əmisi Səiddən, dayısı Yəziddən də çox istəyirdi. Bağdad kimi gözəl bir şəhərdə sarayda qul-qaravaşın əhatəsində olsa da, Müləvvəhin çadırı ona ən doğma yuva, Nəjdin qumu ən güvənli torpaq idi. İndi Bərdəyə – dünyanın cənnətinə getməmişdən əvvəl çox istəyirdi ki, Müləvvəh də, Rüqəyya da onu bu şahzadəyə layiq geyimdə görsünlər.

Səhər tezdən çapar Yəzid ibn Məzyəddən əmr gətirmişdi: “Bizimkilərin təcili Arrana köçürülməsi zərurəti yaranıb. Məşhur İpək yolu burdan keçir. Mən öz qəbilələrimin burda olmalarını istəyirəm. Dövlətin rifahı və əmin-amanlıq naminə bizimkilərin burda olması zəruridir. Kimsə gəlmək istəməsə, məcburi deyil. Amma başa salın ki, mənim buna ehtiyacım var. Bir də bu xəbəri hər iki qəbiləyə Nofəl çatdırsın. Sən də onunla get!”

Bağdadın havası qeyri-adidir. Bu şəhərdə gün səni yandırsa da, zərər vermir. Səhər tezdən isti təndir çörəyinin ətri ətrafı bürüyür. Yuxudan oyananda ac olmasan belə, o ətirli çörəyin xətrinə qəhvəaltı edərsən. Musa Nofəli lap erkən oyatmış, o, yuyunub gələnə kimi xidmətçilər yeməyini süfrəyə düzmüşdülər. Musa onun tələsik yediyini görüb qəhqəhə çəkdi:

– Bilirəm, oralar üçün darıxırsan. Amma tələsmə, yaxşı ye ki, yolun uzaqlığı, istisi səni yormasın. Biz qəbilələrimizə müjdəni verib, onları toparlayıb, karvanları yola düşdükdən sonra özümüzü Bərdəyə çatdırmalıyıq. Arranda vəziyyət pisdir. Üsyan hələ də yatırılmayıb, camaat Valid ibn Tarifinin tapılıb edam edilməsini tələb edir. Oranın adamları mərd və qorxmazdır. Xəlifə üsuli-idarəsindən olan birinin xalqı bu qədər qəzəbləndirməsi, əslində, camaatı Əmir əl-Mömininə qarşı qaldırmaqdır… Biz ərəblər Arrana girmək, dinimizi onlara qəbul etdirmək üçün nə qədər qan tökdük, qılınc gücünə dinimizi qəbul etdirdik, amma bu, əbədi davam edə bilməz. İndi biz onlarla qaynayıb-qarışmalı, dinimizin necə mütərəqqi bir din olduğunu sübut etməliyik…


***


Nofəlin şahzadə paltarında gəlişi bütün qəbiləni necə sevindirmişdisə, camaat “Qəhrəman Nofəl… Qəhrəman Nofəl…” deyə onu salamlayırdı. Dünən Nofəlin qəbilə üzvlərinə “biz sizi cənnətə aparacağıq, bundan sonra cənnətdə yaşayacaqsınız!” deməsi hər kəsi çox sevindirmişdi. Bütün qəbilə üzvləri Yəzid ibn Məzyədə, qəhrəmanları Nofələ dualar qılıb, Allaha şükr edirdilər.