Şəhrizad - страница 11
– İsmayıl, düz deyir də. Mahalın hansı qızını istəsən, sənə uça-uça
gələr…
– Yox, bir az sən də…, – deyə Nübar etirazını bildirdi.
Şəhrizad söhbətin nədən getdiyini bilməsə də, İsmayıl hər şeyi gözəl anlayırdı. İsmayıl Nübarın qızı Xoşqədəmin onu sevdiyini bir-iki ay idi ki, anlamışdı.
Nədənsə əvvəllər o, evdə olmayanda xəstə anasına bir stəkan su belə verməyən Nübar da, Xoşqədəm də xeyli dəyişmişdilər.
İndi hər dəfə evə qayıdanda Xoşqədəmi anası Nəsibənin yanında görürdü. Xoşqədəm Nəsibəyə qulluq edir, vaxtlı-vaxtında yeməyini, çayını verirdi. Xoşqədəm sanki deyirdi ki, İsmayıl, məni al, özünə arvad elə. Mən sənin anana elə baxacam ki, vicdanın yol verməyəcək məni boşayasan…
Bu fikirlərlə beynini arıtlayan İsmayılın yadına Şəhrizadın bir qədər əvvəl dediyi sözlər düşdü:
– Mahalda hansı qızı istəsən, sənə uça-uça gələr…
İsmayıl acıqla ürəyində dedi: "Nübarın qızı Xoşqədəm də, Əhmədəlinin məni dəlicəsinə sevən qızı Ayna da gözəllikdə səndən heç də geri qalmırlar. Amma mən bədbəxt nə edim ki, mən yalnız səni sevirəm, Şəhrizad, çox heyf ki, mən bunu sənə heç bir vaxt deyə bilməyəcəm…"
İsmayıl nümayişkaranə şəkildə geri çevrilib yaxındakı daxmalarına
girdi. Xoşqədəm anası Nəsibənin yastığını rahlayırdı. İçəri girən İsmayıla
tərəf çevrilib barmağını dodaqlarına tərəf apardı:
– Sss… – Sonra İsmayıla tərəf bir-iki addım atıb yavaş səslə, – yatır, – dedi.
İsmayıl:
– Sağ ol, Xoşqədəm, sən gedə bilərsən, – dedi.
– Ac olarsan, yaxşı buğlama bişirmişəm, çəkim, ye.
– Yox, sağ ol, əziyyət çəkmə, ac deyiləm.
– Onda çay iç.
– Yox, köhnə çinarın altındakı bulaqdan su içdim…
Xoşqədəm İsmayılın qarşısında dayanıb başını aşağı saldı. Yanaqları
qıpqırmızı idi. Sanki deyirdi ki, məni sev, İsmayıl. Nədən mənə diqqət vermir, mən tərəfə baxmırsan. Qızın duruşu İsmayıldan cavab gözləyirdi.
İsmayılsa sandığın üstündə əyləşib yatmış anasına tərəf baxırdı.
– Yaxşı, mən gedim. Evdəyəm. Acsan xəbər ver, gəlim çayını, suyunu verim.
– Yaxşı… – İsmayıl könülsüz cavab verdi…
Bu yerlərin qız-gəlinləri öz sevgilərini oğlanlara, kişilərə heç vaxt
sözlə deməzdilər. Onların hərəkəti, baxışları hər şeyi deyirdi.
Bu gün sahədə işləyəndə də eyni briqadada olan Aynanın
ona tez-tez su gətirməsi, bütün iş boyu tarlada İsmayıldan gözlərini çəkməməyi, Əhmədəli qızının İsmayıla əməlli-başlı sevgi etirafı idi. İsmayılın yaşı ötürdü. Bu yaşa qədər kiminsə evlənməməyi bu kənddə söz-söhbət, sual doğururdu. Sağlam, igid oğlan olan İsmayılın evlənməməyinə yalnız bir ad verirdilər ki, yəqin özündən çox razıdır. O, gözəllər-gözəli axtarır.
Xoşqədəm də, Ayna da ərgən qızlar idi. Gözəllikdən, boy-buxundan da əmin idilər. Xoşqədəmin son vaxtlar anasına da diqqət etməsi onu daha şanslı göstərirdi. Amma İsmayılın Aynanı da sevməməyinə heç bir əsas yox idi.
İsmayıl bu gün az qaldı Xoşqədəmə desin ki, "sən çox gözəl və
mehriban qızsan. Lakin mən səninlə evlənməyəcəm". Yəni qızın ümidlərini birdəfəlik qırıb başa salsın ki, özünə gün ağla, başqa istəyənin olsa, ona ərə get. Amma İsmayıl Xoşqədəmə heç nə deyə bilmədi.
Aynaya da deyə bilməyəcəkdi.
Xoşqədəmin evə çox məyus gəlməsi Nübarın gözündən qaçmadı.
– Bir təhər dəyirsən gözümə. Olmaya o imansız xətrinə dəyib?
– Yox, ay ana… O imansız dediyin mənimlə heç kəlmə kəsmək
istəmir. Zalımın oğlu özünü elə aparır ki, elə bil danışmaq da pulnandır.
– Ağız, yəqin utanır də… Anasının da ağlı başındadır ki, desin, ay