Şəhrizad - страница 15
– Mən gözləyərəm. Siz də böyük qızı bir az tez baş-göz edin ki…
Gülgəz:
– Allah qismətini versin. Xeyirlisi. Amma ona hələ çox var… – dedi və qapıya tərəf getdi.
Əhmədəli də sağollaşıb qapıdan çıxdı.
Həmin gün alt evdəkilərdən daha bir səs çıxmadı. Fərrux ac-susuz
yatsa da, şükür elədi ki, Ayna baş verənləri valideynlərinə danışmayıb. Gözlərini yumub yatmağa çalışdı. Xəyalının bir ucunda gənc, dəli ceyranı xatırladan Ayna, o biri ucunda da yaşıdı, dünyalar gözəli Şəhrizad. Xəyalən gah Aynanın, gah da Şəhrizadın yanında olurdu. Birdən at belində Şəhrizada tərəf gələn Talıbı gördü. Tez gözlərini açdı. Yuxusu ərşə çəkilmişdi… Masa üstünə kağız-qələm qoyub oturdu. Moskvaya, Mərkəzi Komitəyə və Fövqəladə komissiyaya Talıbın bu günə kimi azadlıqda qalması barədə donos yazacaqdı…
***
Bu yaz erkən quzuların sayı çox idi. Talıb İsmayılı da götürüb mal bazarına satmağa quzu aparırdı. Erkən quzuları satıb şişək alacaqdılar. Hümbət də bu gün qoyunları tövlədən çıxarmayıb onlarla gəlmişdi. Quzuları qabaqlarına qatıb üzü bazara doğru getdilər…
Sibir Qəzənfər Tərtərin sahili ilə qardaşı, sədr Süleymanla
pambıq sahələrinə baxa-baxa gəlirdilər. Birdən ön tərəfdən bərk şappıltı gəldi. Atlarını yeyinlədib üzü Kürə tərəf çapdılar. Axan çayın ortasında bir qadının suya batıb-çıxdığını gördülər.
Süleyman Sibir Qəzənfərdən cavan olduğundan atını durdurub gimnastyorkasını çıxartdı. Cəld atdan enib Tərtərə baş vurdu. Sibir Qəzənfər də sahədəki kəndlilərə səslənib köməyə çağırdı. Süleyman üzə-üzə özünü batan qadına çatdırıb bir əli ilə qadının qolları altından yapışdı, o biri əli ilə isə üzməyə çalışdı.
Kənd cavanlarından bir neçəsi özünü çaya atıb, Süleymanın
köməyinə yetişdi. Sibir Qəzənfər artıq sahilə yaxınlaşan Süleymandan və suda olan kənd cavanlarından suda batanın kim olduğunu xəbər aldı.
– İsmayılın anası Nəsibə arvaddı, – Süleyman boğuq səslə qışqırdı.
Sibir Qəzənfər:
– Yazıq arvad, əri öləndən necə havalanıbsa…
Sibir Qəzənfər Nəsibəni evə aparmalarına göstəriş verdi.
Talıbgil hələ qayıtmamışdılar… Nəsibəni daxmasında yatağa uzatmışdılar. Şəhrizad, Nübar, Xoşqədəm onun yanında idilər. Şəhrizad bu zavallı qadının halına acıyır, bugünkü hadisənin hələ bazarda olan İsmayıla evə qayıtdıqda necə təsir edəcəyini düşünürdü.
Tamamilə əldən düşən Nəsibə isə ayağa qalxa bilməsə də, buna cəld edirdi. Şəhrizad və Nübar onu güclə qaldırdılar. Handan-hana Nəsibə sakitləşib gözlərini yumdu.
Xoşqədəm Nəsibə arvadın yanında qaldı. Şəhrizad da arabir Nəsibə arvada baş çəkirdi. Axşama yaxın Talıb, İsmayıl və Hümbət bazardan geri döndülər. Aldıqları şişəklər sağlam görünürdü. Yaxşı da qiymətə almışdılar. Yol boyu xeyli deyib-gülmüşdülər…
İsmayılı gülməyə məcbur edən o idi ki, qoyun satanlara yaxınlaşdıqda Talıb uzaqdan hansı qoyunun şişək, hansının erkək olduğunu deyirdi. Hümbət isə ağızlarını açıb dişlərinə, digər yerlərinə baxmamış bunu deyə bilmirdi. İsmayıl da Hümbətə üzünü tutub, – ayə, ay Hümbət, sən gözünü açandan qoyunların içində böyümüsən, çobanlıq etmisən, amma hələ də hansı quzunun erkək, hansının da şişək olduğunu bilmirsən. Amma bəy oğlu Talıb bəy bunu uzaqdan baxmaqla edir. İndi sən mənə de görüm, sən çobansan, yoxsa çobanlığın da əldəqayırmadır?…
Hər üçü İsmayılın bu sözlərinə xeyli gülmüşdü, Hümbət də özünü sındırmayıb, – Talıb qağam hər şeyi, adamları da uzaqdan tanıyır, – demişdi.