Şəhrizad - страница 16
Belə görünürdü ki, hər üçünün kefi kökdür. Amma həyətə daxil olduqda Şəhrizad və Nübarın İsmayılgilin qapısı ağzında, əli qoynunda dayandıqlarını gördülər.
Daxmalarını hər dəfə tərk edəndə xəstə anasına nə isə ola biləcəyindən daim narahat olan İsmayılın ürəyi sürətlə döyünürdü. İrəli qaçıb, – anama bir şey olub? – deyə Şəhrizad və Nübardan xəbər aldı.
Şəhrizad İsmayılın çox həyəcanlandığını görüb, – İsmayıl, narahat olma, anan sağ-salamatdır, keç içəri özün görəcəksən, – dedi.
İsmayıl içəri keçdi. Anası gözlərini yumub yataqda dinməz-söyləməz uzanmışdı. Xoşqədəm onun yanında dizlərini qucaqlayıb xəyala dalmışdı.
İsmayıl dizlərini yerə atıb, – Ana, ay ana, – deyə səsləndi.
Xoşqədəm:
– İşin yoxdur, qoy yatsın, – dedi.
– Bu nə vaxtın yatmağıdır? O heç yatırdı ki, nə oldu birdən-birə…
– İsmayıl, sakit ol, qoy sənə bir çay gətirim, iç rahatlan. Anan yorulub
yatır.
Çay gətirdikdən sonra İsmayıla dedi:
– Daha onu tək qoymaq olmaz. Sibir Qəzənfər görməsəydi indi onu
itirmişdik. Səhər yeməyini verib keçdim ki, bir az gözümün acısını alım. Yenicə gözümə yuxu getmişdi ki, gördüm yaman səs-küy gəlir həyətdən. Qaçdım həyətə. Gördüm əyin-baş, saçları – hamısı su içində onu gətiriblər. Sən demə, mən öz daxmamıza keçən kimi qaçıb Tərtərə tərəf, özünü atıb çaya. Allah eləməmiş, Sibir Qəzənfərlə Süleyman ora gec gəlsəydilər, nə olacaqdı… Allah bilir…
Xoşqədəmin dedikləri İsmayılı sarsıtdı:
– Daha onu tək qoymaram. Xoşqədəm, sən də çox əziyyət çəkirsən.
Get dincəl. Daha anamın yanından heç yana getməyəcəm.
Xoşqədəm getməyə tələsmirdi:
– Nə əziyyəti var. Mənim üçün xoşdur. Ölənəcən ona xidmət
edəcəm.
– Bu, mümkün deyil. Özünə bu qədər zülm eləmə. Get. Mən
burdayam…
Xoşqədəm israr etməsinin yersiz olduğunu görüb ayağa qalxdı. Bu vaxt Nəsibə arvadın əli onun qolundan yapışdı. Xoşqədəm diksinib, – burax, ay Nəsibə xala, şükür, ayıldın, – desə də Nəsibə onun qolunu buraxmadı.
Xoşqədəm var gücü ilə dartınıb çırpındı… Ancaq Nəsibə onun qolunu buraxmırdı ki, buraxmırdı. İsmayıl məcbur qalıb, – Xoşqədəm, qolun ağrıyacaq, otur, görək nə olur. Şükür, anam ayıldı, – dedi.
Anası gözlərini açmışdı. Xoşqədəmin biləyindən dəmir kimi yapışan qadın bu biləyi buraxmırdı. İsmayıl anasını qucaqladı: – Sənə qurban olum ay ana, niyə belə edirdin? Özünü çaya atıb məni tək-tənha qoyub hara gedirdin? Mən yanındayam. Daha səni tək qoymaram. Burax Xoşqədəmin qolunu, qoy gedib bir az dincəlsin o da…
Birdən Nəsibə arvad dikəldi. Divara zillənən gözlərindən bir cüt yaş onun yanaqlarına süzüldü:
– Daha heç yerə gedən deyil Xoşqədəm. O mənim gəlinimdir. Eşidirsən, o getsə, özümü öldürəcəm, – dedi.
Anasının ağlı başına gəlmişdi. Daha o, havalı Nəsibə deyildi. Bu İsmayılı sevindirsə də, bir qədər öncə anasının Xoşqədəm haqqında dediyi sözlər dünyanı onun başına uçururdu… Anasına başqa söz desəydi, qadının yenidən əsəbiləşib havalanmasından ehtiyat edən İsmayıl daha dinmədi.
Bu günün yorğunluğu, anası ilə bağlı gərginlik onu əldən salmışdı. Üstündə oturduğu nazik döşəkcəyə uzanıb dərin yuxuya getdi.
…İsmayıl bəy paltarında idi… Hər tərəf al-əlvan bəzədilmiş, ətraf yamyaşıl, gül çiçək idi. Gəlinlik paltarında olan Şəhrizad duvağını üzünə salmışdı. O, qızı atın tərkinə alıb Kürün sahilindəki göy çəmənliyə çapdı. Sanki bu çəmənlik onların gərdəni, evliliyin ilk gecəsinin məskəni idi… İsmayıl Şəhrizadın gözlərindən aləmə saçdığı işıqdan sanki gözləri qamaşacaqdı deyə, Şəhrizadın duvağını qaldırmamış gözlərini yumub, duvağı qaldırdı. Onların dodaqları bir-birinə toxundu. Biri o birini öpüşlərə qərq edirdi. Bir-birindən doymaq bilmirdilər. Soyundular… Şəhrizad onun idi. Dəlicəsinə sevdiyi Şəhrizad. Daha onun gözlərinə baxmaqdan qorxmurdu… İsmayıl gözlərini açdı. Dünyanın ən xoşbəxti idi. Sinəsi üstündə uzanmış sevgilisinə baxdı… Aman Allahım, bu ki Xoşqədəmdir. Nə baş verir, mən neylədim… Yuxusu ilə indi baş verənlərdən nəyin gerçək, nəyinsə sadəcə yuxu olduğunu anlaya bilməyən İsmayıl yerindən dik atıldı…